Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “ Nəsimi ili” münasibəti ilə keçiriləcək tədbirlərə start verildi

16 aprel 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “ Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli, 689 nömrəli və 2019-cu ilin Azərbaycan Respublikasında   “ Nəsimi ili” elan edilməsi haqqında 2019-cu il 11  yanvar tarixli, 886 nömrəli Sərəncamlarının icrası ilə əlaqədar  Nəsimi Rayon İcra Hakimiyyəti  Başçısının  müvafiq  Sərəncamı ilə  tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planında  rayonda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsini gənc nəslə sevdirmək, klassik irsə məhəbbət aşılanması  üçün  silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

İstedadlı gənclər arasında Nəsimi qəzəllərindən ibarət “ Nəsimi” müsabiqəsinin, gənc musiqiçilərin iştirakı ilə Nəsiminin qəzəllərini ifa etməklə “Muğam”  müsabiqəsinin keçirilməsi,  rəsm əsərləri,  ən yaxşı ədəbi-bədii kompozisiyalar və referatların hazırlanması üçün müsabiqə elan edilmiş və ilin sonunadək keçiriləcək tədbirlərdə qaliblərin müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur.

Rayon İcra Hakimiyyətində   “ Məndə sığar iki cahan...” adlı ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov bildirmişdir ki,  şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin tədqiqi və təbliği Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Şairin əsərləri Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin “ Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərənacamına əsasən kütləvi tirajla nəşr olunmuşdur. 1979-cu ildə Bakı şəhərinin Nəsimi rayonunda Nəsiminin heykəli ucaldılmışdır.   

Tədbirdə çıxış edən Azərbaycan Dövlət  Pedaqoji Universitetinin Azərbaycan və Dünya Ədəbiyyatı kafedrasının professoru Yaqub Babayev dahi şair Nəsiminin həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına geniş məlumat vermiş, şairin qəzəllərindəki fəlsəfi fikirlərdən nümunələrlə tədbir iştirakçılarını tanış etmişdir.

 Tədbirin sonunda Universitetin xor kollektivinin ifasında ifa olunan mahnı iştirakçılar tərəfindən çoşqu ilə qarşılanmışdır.

Keçidlər